Бяйляр ялийев – 60



Yüklə 0,94 Mb.
səhifə1/10
tarix17.11.2018
ölçüsü0,94 Mb.
  1   2   3   4   5   6   7   8   9   10


Bəylər Qurban oğlu ƏLİYEV

VƏTƏN MƏNƏ OĞUL DEYİB...

ŞEİRLƏR,

HEKAYƏLƏR,

MƏQALƏLƏR,

MÜSAHİBƏLƏR.
II nəşr əlavələrlə

GƏNCƏ – 2017

Redaktor: Ələsgər ƏLİOĞLU
Bəylər Qurban oğlu Əliyev

Vətən mənə oğul deyib...” – 296 səh.




Bəylər Qurban oğlu Əliyevin «Vətən mənə oğul deyib...» kitabı çox yüksək vətəndaşlıq hisslə­rilə qələmə alınmışdır. Kitaba sənətkarın müxtəlif məzmunlu şeirləri, hekayələri, məqalələri və mü­sa­hibələri daxil edilmişdir.

Elə düşünmək olar ki, «Vətən mənə oğul de­yib...» toplusunda öz əksini tapan bədii nümunə­lər, faktlar, mülahizələr və s. oxucu dünyagörü­şünə müsbət mənada təsir göstərəcək, ona mənəvi zövq verəcəkdir.

N.M.-078

B ------------------ 2017

6100135631
Gəncə-2017


Bəylər ƏLİYEV – 60
MƏNALI ÖMRÜN SƏHİFƏLƏRİ
Bəylər Qurban oğlu Əliyev 1953-cü ilin ok­tyabr ayında Göygöl (Xanlar) rayonunun Mixay­lovka kəndində anadan olub, orada böyüyüb boya-başa çatıb. Onun ömrü çox keşməkeşli olub. Erkən yaşlarında atası vəfat edib. Yeddi qardaş-bacının bö­yüyü olub. Hərbi xidmətdən sonra Slavyan Univer­sitetinə (M.F.Axundov adına APİ-yə) qəbul olub. Tələbəlik illərində evdən təminatı olmadığı üçün həm oxuyub, həm də işləyib.

1978-ci ildə B.Əliyev təyinatla Goranboy (Qasım İsmayılov) rayonuna göndərilib. O, bir il Qaramusalı kəndində rus dili müəllimi işləyib. Sonra onu özünün razılığı ilə Qaradağlı kəndinə dəyiş­diriblər. İndi 34 ildən artıqdır ki, Bəylər müəllim Qa­radağlı kənd tam orta məktəbində pedaqoji fəaliy­yətini davam etdirir. Bu illər ərzində məktəbdə bö­yük hörmət qazanıb, ali kateqoriyalı müəllim olub. Ailəlidir, üç övladı, altı nəvəsi var.

B.Əliyev bütün çətinliklərə baxmayaraq, asu­də vaxtını mənalı keçirib. Mütaliə edib, şeir ya­zıb. Onun altmışdan çox şeiri və fantastik poeması var.

Bütün gənclər kimi B.Əliyev də öz şeir­lərində məhəbbət mövzusuna toxunmuşdur, amma bu mə­həbbətdə, sevinclə bərabər, kədərləndirici məqamlar da çoxdur. Məsələn: duyulmayan, sə­daqətli və "hiy­ləgər" məhəbbət, xəyali, keçmiş və ümidsiz mə­həbbət, inamlı, həsrətli, itkili mə­həb­bət və s.

Bununla bərabər onun şeirləri fəlsəfi fikir­lərlə də zəngindir. Bu fikirlər sülhə, əmin-aman­lı­ğa, rə­him­liliyə, sədaqətə, həyatın mənasını dərin­dən dü­şün­məyə, duymağa, düşüncələrə, müasir döv­rümü­zün problemlərinin həllinə çağırır. Müasir dövrdə insanların özlərinə qəsd probleminin həlli­nə həsr edilmiş "Həyatla söhbət" şeirində vurğu­lanır ki, hə­yatı mənalı, məqsədli, məhəbbətli, xe­yir­xah əməl­lərlə bəzəyərək yaşamaq lazımdır. Bu həyat sənindir, onu sən yaşamalısan. Sən dünyanı tərk etməklə dünya boş qalmayacaq.

"Dünyanı xilas edin!" adlı fantastik poe­mada Bəylər müəllim insanları dünyəvi problem­lərin həl­linə yönəldir. O artıq fəlakət baş vermiş planetin kə­dərli mənzərələrini təsvir etməklə insan­ları, aparıcı döv­lətləri təbiətə amansız olmaqdan çəkinməyə ça­ğırır...

Bəylər müəllimin şeirlərində şifahi xalq ədə­biyyatının təsirini də hiss etmək olar. Azər­bay­can xalqının inciləri hesab edilən və müdrik­liyini tə­rən­nüm edən Azərbaycan əfsanə­lərini şeir forma­sında rus oxucularına təqdim edir.

B.Əliyevin yaradıcılığında təbiətimizin gö­zəl bədii təsvirləri də mövcuddur.

1990-1995-ci illərdə Gəncə Zona Müəl­lim­ləri Təkmilləşdirmə İnstitutunda metodist işlə­məyinə baxmayaraq Bəylər müəllim doğmalaşan Qaradağlı kənd tam orta məktəbində də əmək fəaliyyətini da­vam etdirib. O, qanlı-qadalı illərdə əlində silah er­məni daşnaklarına qarşı vuruşmasa da elmi araşdır­ma apararaq "Pravda ob armyanax" adlı monoqrafiya yazır və aidiyyatı dövlət qurum­larına göndərir. O mo­noqrafiyadan sonra erməni yalanlarına qarşı mə­qalələrin sayı artır, müxtəlif arxiv materialları çap olun­mağa başlayır, kitablar nəşr edilir...

1992-1996-cı illərdə B.Əliyev dövlət qu­ru­culuğunda, təhsil sistemimizin milli zəmində qu­rulmasında, dövlət orqanlarının formalaş­masın­da və s. iştirak etmişdir. O, Prezident Aparatına, na­zirlik­lərə onlarla təkliflər göndərir. Bu təkliflər müsbət qarşılanırdı və dövlət quruculuğumuzun müxtəlif mərhələlərində tətbiq edilirdi.

B.Əliyevin 30-a qədər məqaləsi müxtəlif il­lərdə "Novosti Qyandji", "Gəncənin səsi", "Azər­bay­can müəllimi", "Təhsil problemləri", "Mübariz" və s. qəzetlərdə çap olun­muşdur. Yeri gəlmişkən onu da deyək ki, Bəylər müəllim uzun müddət "Təhsil problemləri" qəze­tinin Goranboy rayo­nun­da bölgə müxbiri işləyib.

Bəylər müəllim "Mübariz" qəzetində Qara­dağlı kəndinin şəhidlərinin hər biri haqqında, on­ların şücaətləri haqqında ürək ağrısı ilə dolu on­larla mə­qalə çap etdirmişdir.

Bəylər müəllim xalqımızın kədərli günlərini ürək ağrısı ilə qarşılayıb. 20 yanvar hadisələrinə döz­məyib bir ay kardiologiya şöbəsində yatıb, indi də onun ağrısını çəkir. O, 20 yanvar, Xocalı faciəsi ha­disələrinə şeirlər yazıb. Bu şeirlərdə faciəni tö­rə­dən­lərin adlarını çəkib, onları qınayır, xalqımızı səbirli və mətin olmağa çağırır. Bu şeirlərin bir qismi ilə siz "Mübariz" qəzetindən tanışsınız.

B.Əliyevin ictimai fəaliyyəti də geniş olub. O Qaradağlı kəndində qeyri-hökumət təşkilatının ya­ra­dıcılarından biri olub və uzun müddət bu təşkilata rəhbərlik edib. Onun rəhbərliyi ilə kənddə müxtəlif so­sial yönümlü layihələr həyata keçirilib. Qaradağlı kəndində atılmış kəhriz bərpa edilib və insanların istifadəsinə verilib.

Bəylər müəllim uzun müddət Qaradağlı kənd seçki məntəqələrində müxtəlif seçki kampa­niyaların­da məntəqə seçki komissiyasının üzvü, müxtəlif mo­nitorinq mərkəzlərinin müşahidəçisi təyin edilmişdir.

B.Əliyevin uzun illər məşğul olduğu məsə­lələrdən biri də "Kainatın yaranması və təkamülü" mövzusunda elmi işidir. Bu elmi işə o ömrünün otuz ilini sərf edib. Elmi iş rus dilində yazılıb. Azərbay­can dilində videokasetə köçürülüb. Onun fikrincə kainatın mövcud vəziyyətdə olmasına və təkamülə XIX-XX əsrlərdə insan təfəkkürünə məlum olan ən kiçik hissəciklər səbəb olur. Bu işıq hissəciyi foton və XX əsrin 30-cu illərində alimlərə məlum olan neytrino hissəcikləridir.

Belə ki, dünya kosmologiya elmində möv­cud olan nəzəriyyə ilə bütün göy cisimləri kainatda möv­cud olan toz və dumanlıqlardan əmələ gəlib. Göy cisimləri bir-biri ilə dünya cəzbi ilə idarə olunur. Bu nəzəriyyə yaranan gündən onun əley­hi­nə çıxış edən­lər dünya cazibə qüvvəsinin mövcud­lu­ğunu qəbul edirlər və hesab edirlər ki, bu ca­zibəyə əks olan və hələlik insan təfəkkürünə mə­lum olmayan qüvvə də mövcuddur. Əks halda bü­tün dünya cisimləri birləşər və nəhəng bir kütlə yaranar. Bu fikir yaranan gündən öz aktuallığını itirməyib, müasir dövrdə daha aktualdır. İkinci məsələ dünya cəzbinin mənbəyidir. Bu mənbə maqnetizm hesab edilir. Lakin yarım əsr­dən çoxdur ki, maqnetizmin əleyhinə onlarla ixti­ralar mövcuddur və bu fikrin yanlış olmasını isbat edir...

XX əsrdə alimlər kainatın partladığını gö­rəndə çaş-baş qaldılar. Mövcud olan nəzəriyyə puça çıxdı. Partlayan kainat meydana gəldi. 60-cı ildə astronomlar partlayan ulduzları əyani müşa­hidə et­dilər. İndi elmə onlarla belə faktlar məlum­dur. Müa­sir dövrdə alimlər kainatda olan partlayı­şın me­xanizmlərinin axtarışındadırlar...

B.Əliyevin nəzəriyyəsi ilə dünyada gedən proseslərin "səbəbkarı" kainatda mövcud olan bü­tün hissəciklərdən ayrı-ayrılıqda yüzlərlə mil­yard­lardan çox olan, İtələmə qabiliyyətinə malik və daima hərə­kətdə olan fotonlar və fotonlardan az miqdarda olan, kainatda bir-birini cəzb etməyə qa­dir olan yeganə hissəciklər neytrinodur. Bu hissə­ciklərin hər ikisi də eyni vaxtı nüvə partlayışı za­manı yaranır və ətrafa yayılır.

Bu nəzəriyyə ilə kainatdakı partlayışa, göy cisimlərin yaranmasına, planetlərin və qalakti­kaların fırlanmasına, kainatın mövcud vəziyyətdə olmasına və s. insan təfəkkürünə məlum olan ən kiçik bu iki hissəciklər səbəb olub.

Bəylər müəllimin nəzəriyyəsi ilə "silah­lana­raq" kainatda olan bütün "sirlərə" aydınlıq gə­tirmək olar...

B.Əliyevin nəzəriyyəsi keçmiş SSRİ Elmlər Akademiyasında, onun Rəyasət Heyətində də məlum idi, tanış olmuşdular. Onları gənc azərbay­canlının cü­rətli təklifi təəccübləndirir, amma heç bir əks arqument gətirə bilmirdilər.

Bu nəzəriyyəni B.Əliyev Azərbaycanda N.Tu­si­nin 800 illik yubileyində keçirilmiş kon­fransa təq­dim edərək, orada çıxış etmişdir.

Bəylər müəllim Şamaxı Astronomik Rə­səd­xanasının alimlərinin qarşısında çıxış etdi. Am­ma onun çıxışını qəbul etmədilər, çünki... Astro­nom ol­maq kosmologiya elmi ilə məşğul olmaq demək deyil. Astronom yalnız müşahidə aparır və müşahidə etdiklərinin əsasında nəticə çıxardır. Kosmologiya elmi dünyada mövcud olan bütün elmlərlə bağlı elmdir.

Bəylər Əliyev tez-tez Goranboy rayonunun orqanı olan «Mübariz» qəzetində şeir və heka­yə­lər­lə çıxış edir. Onun «Hüzn günü», «Xocalı fa­ciə­si», «Xoşbəxtliyin zirvəsi» və s. şeirləri xalqı­mızın qan yaddaşı olan hadisələrə həsr olu­nub. Bu şeir­lərdə o faciələri törədənlərin səbəbkar­larını açıq aydın göstərib və tənqid hədəfinə çevirib. Onun «Ya­şa­dım dünyada» şeirini həyatın fəlsəfəsi adlan­dır­maq olar. Qadınlarımıza həsr etdiyi şeirləri «Ana», «Qadınlar bayramında» özünə məxsusluğu ilə seçilir. Gənclik dövründə yazdığı «Məktub», «Yar­dan ayrı – neylə­yi­rəm», «Mən sevgilimi bən­zətdim…» şeirləri mə­həb­bətə qeyri-adi hisslər oya­dır. Bəylər müəllim gənclə­rimizə: «Son zəng», «Dağ­larla söhbət», «Novruz gəl­di - yaz gəldi», «Aşiq­lər» və s. şeirlərini həsr edib.

Bəylər müəllimin gözəl hekayələri və məqa­lələri var. Onun «Vətən oğlu», «Xarici qonaqlar», «Eh­san» hekayələri, «İlhamın mənalı həyat yolu» məqaləsi vətənpərvərlik mövzusuna, «Bir gecənin odu», «Qeyrətli insan», «Ata və oğul», «Ana ilə qı­zın söhbəti», «Yarılmayan baş» və s. əxlaqi dəyər­lə­rimi­zə həsr edilib. «Aşura» və «Avtobusda söhbət» - türk və müsəlman tarixinə həsr edilib.

Bəylər müəllimin dünya problemlərinə həsr etdiyi əsərləri də var. Onlardan «Dünyanın sonu nə vaxt olacaq» müsahibəsini, «Kosmosa uçuş» heka­yəsi, «Avropa və biz» məqaləsini və s. qeyd etmək olar.

Bəylər müəllimin təhsil və məktəb problem­lərinə aid çoxlu məqalələri var. Sonda o minnət­dar­lıq edərək, hər bir vətəndaşımıza 60-100 illik yubileylər keçirmələrini arzuladı və gənclərimizə məsləhətini şeirlərinin bir bəndi ilə çatdırdı:


Yaşa bu dünyada, ol igid və mərd,

Xalqa sevinc gətir, düşməninə dərd.

Haqqa sadiq ol sən, yalana ol sərt,

Heç zaman olmazsan kədərli və pərt.
Biz Bəylər müəllimin 60 illik yubileyini təb­rik edir, ona uzun ömür, cansağlığı və ya­radıcılıq uğur­ları arzulayırıq.
Rəşad MƏMMƏDOV,

Ülkər HÜMBƏTOVA



ŞEİRLƏR

VƏTƏN MƏNƏ OĞUL DEYİB!
Vətən mənə oğul deyib!

O oldu mənə ana.

Keşiyində dayanaraq,

Qurban olaram ona.


Vətən mənə oğul deyib!

Borclu oldum mən ona.

Onun hüdudlarına,

Qoymaram yad quş qona.


Düşmənləri bitməyib,

Qoruyaq biz Vətəni!

Silah-qələm birləşib,

Məğlub edək düşməni.


Qoy bilsin yad ellilər,

Sarsılmazdır bu dostluq!

Vətəndaşlar bilsinlər,

Yaratmalıyıq bolluq.


Qoy Vətən çiçək açsın!

Övladı olsun sadiq!

Hər oğlanı, hər qızı,

Olsun adına layiq!



HÜZN GÜNÜ
Bu gün hüzn günüdür,

20 yanvar günüdür.

Bu gün qanlar axıbdır,

Xiyaban gülə batıbdır...

Bakatinlər, Kryuçkovlar,

Yazovlar, Qorbaçovlar -

Ölkənin rəhbərləri.

Verdilər əmrləri.

Ayazlar və Vəzirlər,

Bu "əmri" bəyəndilər...

Xalqın arxası ordu

Xalqın qatili oldu...

Güllələr işıq saçdı...

Qəlblərdə yara açdı...

20 yanvar günündə,

Şəhidlərin önündə

And içirəm Vətənə!

Əsən acı küləyə.

Sipər olacam mən də!...

Axıtmaram göz yaşı.

Uca tutmuşam başı...

Yaşa, Vətənim, yaşa!

Ol ellərə tamaşa!
XOCALI FACİƏSI
Soyuq fevral günündə,

Qarabağın düzündə.

Xocalı fəryad etdi...

Xocalı əldən getdi...


Rus əsgəri, tankları,

Erməni quldurları.

Birləşib hücum etdi...

Xocalı əldən getdi...


Orda olan əsgərlər,

Əli tutan igidlər.

Eli müdafiə etdi...

Xocalı əldən getdi...


Millət meşəyə doldu,

Düşmən amansız oldu..

"Daşnak" cəlladlıq etdi...

Xocalı əldən getdi...


Keçmiş ilin naləsi,

Düşündürsün hər kəsi.

Düşməni unutmayaq,

Şirin vədə uymayaq.


Ağlamayın, ay ellər,

Yaxındadır o illər.

Düşmən cəzasın alar,

Xocalı azad olar.


Millətimin nəğməsi,

"Xarı bülbülün" səsi.

Qarabağda səslənər,

Mirvari tək bəslənər.



ANA
İlk sözü "ana" deyir balalar,

Görəsən anadan şirin nə var?!

Anadır məni yaradan, saxlayan,

Anadır məni gözləyən, axtaran.


Etmisən ömrünü sən mənə qurban,

Qurbandır ömrüm sənə də hər an!

Ömrümü sənə etsəm də qurban,

Çıxa bilmərəm sənin borcundan!


...Kəsibdir qırışlar üzünü, ana!

İstəmirəm səndən düzünü danam.

Ağarıb saçların, titrəyir sözün,

Məhəbbəti yalnız saxlayıb gözün.


Qara gözlərin qocalmır sənin,

Onlar işıq saçır isti və sərin.

Sərini səbirdir - istisi inam,

Sənə qurban olum, mehriban anam!


Qurbanam sənə, ağ saçlarına,

İllərlə solmuş yanaqlarına.

Qabar əlinə, şirin dilinə,

Bütün ömrünün hər bir ilinə.


Qurbanam evinə, sənin yurduna,

Səhərinə, ocağına-oduna.

Qurbanam elinə, Azərbaycana!

Onlar da sənin tək əzizdir, ana!



QADINLAR BAYRAMINDA
Günəş yerə nur saçar,

Qəlblərə yollar açar.

Yamaclar yaşıllaşar,

Təbiət cavanlaşar.


Baharın ilk çağında,

Qadınlar bayramında.


Qar əriyər dağlarda,

Güllər açar bağlarda.

Həmin vaxtdan növbəyə,

Düzülər bayramlarda.

Baharın ilk çağında,

Qadınlar bayramında.


Oğlanlar eşqə düşər,

Elçilər "işə" düşər.

Sürmə, xına, parçalar...

Bəzənilər xonçalar.

Baharın ilk çağında,

Qadınlar bayramında.


Ana, bacı və yoldaş,

Hamısı bizə sirdaş.

Çatdırırlar təbriklər,

Oğlanlar və kişilər.

Baharın ilk çağında,

Qadınlar bayramında.


Sevinir körpə-böyük,

Tapılmaz qəlbi sönük.

Hamının üzü gülər,

Bağışlayırlar güllər.

Baharın ilk çağında,

Qadınlar bayramında.



SON ZƏNG
Son zəngin sədaları,

Aşdı dərə-dağları.

Keçmişi xatırlatdı,

Oyatdı xəyalları...


Məktəbə ilk qədəmim,

Son gününə qarışdı.

Sanki keçmiş-gələcək,

Bir-biriylə barışdı.


Mehriban müəllimlər,

Xoş arzular deyirlər.

Gələcək günlərimə,

Məsləhətlər verirlər.


Siz mənə doğma olduz,

Həyata hazırladız.


Xatalardan qoruduz,

Səhvimi bağışladız.


Unutmaram mən sizi,

Hər an xatırlayacam.

Sizin hörmətinizi,

Qəlbimdə saxlayacam!


Əlvida, əziz məktəb,

Əziz müəllimlərim!

Sizləri tərk edirəm,

Arzularım var mənim!


Əlvida, doğma sinif,

Əlvida yoldaşlarım.

Sizi mən unutmaram,

Ağarsa da saçlarım!..



DAĞLARLA SÖHBƏT
Ey gözəl, qocaman, səfalı dağlar,

Ey çoban gəzdiyi yaşıl yamaclar.

Sizin zirvənizə heyran olmuşam,

Sizin qoynunuzda yaşa dolmuşam.


Uzaqdan görünər zirvə qarların,

Göy meşədə gizlənər saf bulaqların.

Qoynunda yayılan tütək nəğməsi,

Olub mənim nəğməmin şirin kəlməsi.


Oyanın yuxudan, baxın bir mənə,

Daha artıq keçibdir keçmiş zəmanə.

Zəhmətlə qurmuşuq təzə həyatı,

Hər tərəfdən səslənir təzə bayatı.


Qərinələr keçmişik, oddan keçmişik,

Hər gələn qonağa hörmət etmişik.

Baxın, baxın görün, tanıdızmı siz?

Nizaminin, Babəkin nəsliyik biz.


İşimiz avanddır, qəlbimiz təmiz,

Zirvən kimi ucadır bizim zirvəmiz.

Həyatımız davam edir - gedir irəli,

Dostluğa səsləyirik bütün elləri.



NOVRUZ GƏLDİ – YAZ GƏLDİ
Gəldi Novruz bayramı,

Sevindi bütün hamı.


Nənəm plov dəmləyir,

Durun yandırın şamı.


Uşaqlar ocaq qalar,

Və üstündən tullanar.

Bir-birinə qarışar,

Qocalar və cavanlar.


Kəndirbazlar oynayır,

Samovarlar qaynayır.

Anam qatlama bükür,

Nənəm fəsəli yayır.


Pəhləvanlar yarışır,

Bütün aləm qarışır.

Əziz bayram günündə,

Küsülülər barışır.


Alma, armud, heyva, nar,

Şəkərbura cüt durar.

Yumurta döyüşənlər,

Fallıqları axtarar.


Ocaqda fətir bişir,

Kosa baxır və şişir.


Yazıq Keçəlin başı,

Çırtıq üçün geyişir.


Dəstə-dəstə papaqlar,

Qapılara atılar.

Papaqlara qoyular,

Boyanmış yumurtalar.


Qonşular tez dururlar,

Qapıları pusurlar.

Şad bir söz eşidəndə,

Çin olurlar arzular.


Dəstə-dəstə qızlar,

Bulaq üstə yığılar.

Bulağa gələnləri,

Sulayıb yola salar.


Novruz gəldi, oldu yaz,

Qovuşdu Kürə Araz.

El-obamda dinlənsin,

Tar-kaman və bir də saz.


Tonqalları yandırdıq,

Üstündən də tullandıq.


Bahar qızı görəndə,

Gəlişinə şadlandıq.


Aşıq, sazını götür,

"Keçəl, Kosanı ötür

Novruz gəlib elinə,

Bahar gül-çiçək tökür.


Keçəl, Kosa qış imiş,

Tükləri donmuş imiş.

Kosa yıxılıb öldü,

Hər yan gül-çiçək oldu.


Qışdan daha doymuşuq,

Səmənini qoymuşuq.

Vətənə göz tikənin,

Gözlərini oymuşuq.



QARADAĞLI
Gəzdim bütün dünyanı,

Sənə belə tay hanı?

Sənin ucalmış adın,

Gəzir Azərbaycanı.


Uzaq köçəri quşlar,

Sənin qoynunda qışlar.

Səni əhatə edər,

Həm Murov, həmi Qoşqar.


Göy-göldən gəlir suyun,

Çoxdur kəhrizin, quyun.

Dağların yamacında,

Otlayar qoyun-quzu.


Qonşun Xoylu və Şadlı,

Küçələrin abadlı.

Həm aranlı, həm dağlı,

El-obam, Qaradağlı.


Tarlaların – varlı,

Bağçaların – barlı.

Övladların – vüqarlı,

Vətənim, Qaradağlı.


Özüm qurban adına,

Torpaq və övladına.

Hamısı şad günündə,

Salar məni yadına.

Əsməsin acı külək,

Sevinclə qəlblər dolsun.

Övlad toyunu görmək,

Hamıya qismət olsun…


7.02.2000

XOŞBƏXTLİK ZİRVƏSİ
Bayır soyuqdur, çoxlu qar yağır,

Elin-obanın vəziyyəti ağır.

Əhvalı şən adamı görsən,

Onu məzhəbə, imana çağır.


De, ay insafsız, belə iş olmaz!

Bir çiçək açmaqla, olmayacaq yaz!

Elində insanlar kədərli olsa,

Sənin də qəlbin sevinclə dolmaz!


Xalqın uğrunda olarlar qurban,

Çalış ki, oban olsun firavan!

Elin kədərini özünlə bölsən,

Kədər də sevincə dönəcək, inan!



YAŞADIM DÜNYADA
Yaşadım dünyada: yaxşı, ya pis, elim bilər,

Hər yaşanmış ömürə, el-oba qiymət verər.

Yaxşı əməlli olsan, el-oba rəhmət dilər,

Pis əməlin çox olsa, el-oba «Lənət» deyər.


* * *

Yaşa bu dünyada, ol igid və mərd,

Xalqa sevinc gətir, düşmənlərə dərd.

Haqqa sadiq dayan, yalana ol sərt,

Heç zaman olmazsan kədərli və pərt.
* * *

Səndən hey söz açır bayatım mənim,

Səninlə bağlıdır həyatım mənim.

Həyatım bir anda olmasın sənsiz,

Gələcək hər arzum-niyyətim mənim.

ADƏTLƏR
Adam deyil öz evini sevməyən,

Öz elinin adətini etməyən.

Pisi azdır, yaxşı adəti çoxdur,

Adəti olmayan xalq hələ yoxdur.


Bədbəxtçilik yağır bizim ellərə,

Var-yoxunu səpələyir çöllərə.

İllər boyu çörək yemir, ac qalır,

«Bədbəxt» insan gəlininə briliant alır.


Bir oğlanın elçiliyinə gedirlər,

Qıza «başlıq» ondan tələb etdilər.

Bizim qızlar «sadə» qızılı almaz,

Otuz dəst paltar qızı razı salmaz.


Bir oğlanın parçasını biçdilər,

«Təzə bəyin» sağlığına içdilər.

Qoy eşitsin məclislərə gedənlər,

Qonaqlardan «əziz» olub nəmərlər.


Adətlərin pislərini bilirik,

Bilə-bilə onları işlədirik.

Nə qədər ki, biz irəli gedirik,

Adətlərin pisini tərk etmirik.



SƏDAQƏT
Hamı sevir adın, dünya,

Yoxdur sənin yadın, dünya.

Yarıma mən həsrət qaldım,

Yoxdur onsuz dadın, dünya.


On beş il axıb getdi,

Dərdlərə çaxıb getdi.

Yenə yarımı gördüm,

Yandırıb-yaxıb getdi.


Bəylərəm, ömrüm azdır,

Dediyim boş avazdır,

Hər payız günlərinin,

Sonu bahardır, yazdır.



GİLEYİM VAR ALLAHA
Gileyim var Allaha,

Ondan küsmüşəm daha.

Mənə zülm eyləyir,

Məni qovub-teyləyir.


Özgəyə oxşatmayıb,

Haram tikə qatmayıb.

Özgəsinin önündə,

Yalvardıb alçaltmayıb.


Qoymur yalan danışam,

El-obaya qarışam.

Gopçuya gopa basam,

Ucuzu baha satam.


Vuranı vurub yıxam,

Yumurtadan yun qırxam.

Kələk gələm yoldaşa,

Xəstəyə deyəm «yaşa!»


Dəlilik edib qışqıram,

Qab-qaşığı sındıram.

Məndən qorxub «sevsinlər»,

Çoxlu «hörmət» etsinlər.


Var verməyib «forslanam»,

Qışqıram ki, «Aslanam»!

Xayindən qisas alam,

Zalımı oda salam.


Hey deyir ki, «düz dolan»!

Nəyə lazımdır yalan?

Uca saxla başını,

Çatmalama qaşını.

Başını salla, get yaşa,

Ömrün sakit vur başa.

Xalqın səni anacaq,

Eldə adın qalacaq.


Bəylərəm, qəlbim dolu,

Zalım kəsibdir yolu.

Qoymayır ki, sevinəm,

Gündə yeyirəm dərd-qəm.



AŞİQLƏRƏ
«Leyli və Məcnun» çoxdur bu zaman,

Onların səsini eşidir hər yan.

Məhəbbət gözləyir hər qız, hər oğlan,

Onlardan söhbət açır tar və kaman.


Baxın, insanlar! Səma qaraldı,

Dünən gülən gözlər, bu gün yaşardı.

Eşqlə «yanan» ürək, birdən «dayandı»,

Boş söhbət üstündə «sevən» tək qaldı.


Bunun səbəbini gərək biz bilək,

Hamımız bir səslə söyləyər, deyək.


Məhəbbət yolunda döyünən ürək,

Hər vaxt, hər zaman döyünə gərək!



MƏKTUB
Salam, gülüm-çiçəyim,

Saf işıqlı bəzəyim.

Sənə salam göndərib,

Öz işimdən söyləyim.


İşim çoxdur, vaxtım az,

Mənə tez-tez məktub yaz.

Səndən məktub alanda,

Güllər açır, olur yaz.


Mən küsmüşəm günlərdən,

Uzun aylar, illərdən.

Onlar gecikib, ayırır,

Məni əziz gözlərdən.



YARDAN AYRI – NEYLƏYİRƏM?
Gülüstanda bağban olsam,

Yardan ayrı – neyləyirəm?

Çiçək açan bahar olsam,

Yardan ayrı – neyləyirəm?


Kəpəz kimi uca olsam,

Yardan ayrı – neyləyirəm?

Bir əsrlik yaşa dolsam,

Yardan ayrı – neyləyirəm?



MƏN SEVGİLİMİ BƏNZƏTDİM…
Mən sevgilimi bənzətdim gülə,

O tikanla əlimi qanatdı.

Mən sevgilimi bənzətdim gülə,

O mənim qəlbimi qaraltdı.

Mən sevgilimi bənzətdim aya,

O məni dərin zindana atdı.

Mən sevgilimi bənzətdim işığa,

O mənim gözümü çıxartdı.

Mən günahımı ondan soruşdum,

O mənə əlini uzatdı.

Mən sevgilimin əlindən tutdum,

O mənim qollarımda yatdı.

Mən sevgilimi bənzətdim…

HEKAYƏLƏR


QATARDA TANIŞLIQ
Səhərdir. Bakı-Gəncə qatarı Qarabağ kana­lını keçərək asta-asta irəliləyirdi. Doğma yerlərə yaxınlaşdığımı bilərək, tambora çıxdım ki, seyr edim və bir papiros çəkim. Tambora daxil olanda orta yaşlı bir insanın da bu yerlərə heyranlıqla baxdığını gördüm. Söhbət əsnasında müəyyən oldu ki, bu insan Goranboy eli ilə fəxr edir. Bu, şair Həsən Həsənli idi. O özü Tovuzda anadan olub, orada boya-başa çatmağına baxmayaraq, Gəncədə işləyir və yaşayır.

Söhbət zamanı şair bildirdi ki, vətənimizin ağır sınağından qəhrəman kimi iki rayonumuz çıxmışdır. O rayonlardan biri Goranboy, digəri isə Gədəbəy elidir. Bu iki rayonun eli mərdliklə vuruşub, düşmənin bütün həmlələrini dəf etməklə bərabər daşnakların öz oylaqlarına çevirdiyi bir sıra yuvaları azad ediblər. Düşmənin dərsini elə veriblər ki, bir daha burunlarını bura soxmurlar. Əhsən bu ellərə! Əhsən bu obalara!

Sonra bir az susaraq Həsən Həsənli qeyd etdi ki, hələ o odlu-alovlu vaxtda cəbhədə və respublikamızda gedən prosesləri bir ziyalı kimi, diqqətlə izləyirdi, Goranboyda əldə olunmuş uğurlar, bütün azərbaycanlıları sevindirdiyi kimi, onu da ürəkdən sevindirdi. Bu uğurları alqışlamaq məqsədi ilə bir şeir də yazdığını söylədi. Budur o şeir:
GORANBOY
Alınmaz qalasan, qəhrəman şəhər,

İgid oğulların, qızın Goranboy.

Görməsin gözlərin bir daha qəhər,

Gül açsın baharın, yazın Goranboy!


Bağında, bağçanda güllər əkərəm,

Sənin torpağında diz də çökərəm.

Qabağında qolu bağlı nökərəm,

Mən çəkərəm hər bir nazın, Goranboy!


Olmadı əhdini, andını danan,

Sən oldun vətənin yolunda yanan,

Qəlbimə, ruhuma doğmadır inan,

Şirin ləhcən, xoş avazın, Goranboy.


Həsənli istər ki, bulaq tək coşsun,

Sənin vüqarına şeirlər qoşsun.

Qədəh cingildəsin, deyək: "Nuş olsun!

Dilə gəlsin telli sazın, Goranboy!


Həsən HƏSƏNLİ
Qatar astaca dayandı. Mən əl çantamı götürüb düşəndə, o məni müşahidə etdi. Sonra biz çoxdan biri-birini tanıyan adamlar kimi görüşdük və ayrıldıq. Qatar gözdən itənə kimi bir-birimizə əl etdik. Mən xeyli dayanıb, qatarın dalınca baxdım və dedim: "Əhsən sənə, eloğlu! Əhsən sənə, şair!"


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə