§ 16. “Namussındırma” ritualı və onun strukturu
Deyildiyi kimi, Şöklü Məliyin sərxoş başla “Qazana əks olaraq” verdiyi təklif Uruzun “bəyolma” sxem/süjetini “hərəkətə gətirir”. Bəyolma – ritualdır. Onun oğuz eposunda epik təsvir koduna proyeksiyalanmış sxemini mümkün qədər dolğun şəkildə bərpa etmək üçün “Yağmalanma” boyunun Xaosdakı hadisələri təsvir edən süjetini diqqətlə izləmək, mənalı elementləri üzə çıxarmaq lazımdır.
§ 16.1. Burla xatunun tanınma ritualı: etnokosmik identifikasiya
Diqqət edək:
– Öz bəyləri ilə qələbəni qeyd edən Şöklü Məlik Qazana “heyif eyləmək üçün” onun arvadı Burla xatunu məclisə gətirib şərab paylatdırmaq istəyir.
– Burla xatun bunu eşitcək yanındakı 40 qıza tapşırır ki, qızlardan hər biri kafirlərə özünün Burla Xatun olduğu barəsində yalan desin.
– 40 qız onun dediyi kimi edir və kafirlər bilmirlər ki, Burla xatun bu qızlardan hansıdır.
– Bu, kosmoloji mahiyyəti etibarilə ritualdır. Burla xatunun özünü bu yolla “gizlətməsi” və kafirlərin də onu “tanıya bilməməsi”, əslində, bir oyun, mərasim aktıdır. Kafirlər onu mərasimdən kənar müstəvidə “min üsulla” tanıya bilərdilər. Lakin epos müstəvisində bütün personajlar süjetüstündə epik sxemin, süjetaltında ritual-mifoloji sxemin “ssenarisinə” uyğun hərəkət etməlidirlər. Bu baxımdan, kafirlərin Burlanı axtarması etnokosmik identifikasiya formuluna aid tanıma aktıdır.
– Burla xatun və onun 40 qızı kosmoloji status baxımından kosmik varlıqlardır. Bu halda xaosluların Burlanı tanımamaları onun etnokosmik kimlik/indentifikasiya əlamətlərini (nişanlarını) bilməmələri deməkdir.
– 40 qızın yalan danışması Xaosa xas davranış formuludur. Dəfələrlə qeyd olunduğu kimi, oğuzlar Xaosu “Yalançı dünya” adlandırırlar və yalançılıq, tərsinə/əksinə hərəkətlə yanaşı, bir kosmoslunun Xaosdakı davranışının əsas formullarından biridir.
– 40 qızın özünü Burla xatun kimi təqdim etməsi həm də onların Burlanı 40 dəfə əvəzləməsi mənasındadır. Bu, eyni zamanda o deməkdir ki, 40 qız Burla xatunun həm də 40 ekvivalent/əvəzedicisidir.
– Əvəzləmə, ehtimal edirik ki, “can dəyişmə” kimi çox əski mediativ formuldur. Elə bu eposda “Allah/Tanrı” Dəli Domruldan “can əvəzində can” istəyir. Dilimizdə “40 canı da olsa, əlimdən qurtara bilməz” ifadəsi var. Bu halda Burla xatunun 40 qızını onun 40 canı kimi də qəbul etmək olar. Yenə də bu halda onun özünü kafirlərdən “gizlətməsi” prosedurunun öz canını 40 qızın canı ilə əvəz etməsi şəklində baş verdiyini ehtimal etmək olar.
Dostları ilə paylaş: |