2.2.2. Pedaqoji mədəniyyətin bəşəri və etnik xarakteri
Pedaqoji mədəniyyətlər milli xüsusiyyətlərinə görə təkrarolunmaz cəhətlərə malik olsalar da, bütövlükdə peadqoji mədəniyyətlər arasında ümumilik də vardır.
Pedaqoji mədəniyyətlərin ümumiliyi müxtəlif amillərlə şərtlənir:
müxtəlif xalqların tarixi inkişaf şərtlərinin ümumiliyi;
bütün xalqların məqsəd və maraqlarının, onların bəşəri mənəvi-əxlaqi dəyərlərinin ümumiliyi;
xalq psixologiyasının ümumi əsaslara malik olması;
coğrafi şəraitin ümumliyi;
müxtəlif xalqların pedaqoji ənənələrinin bir-birinə qarşılıqlı təsiri və s.
Pedaqoji mədəniyyətin yaradıcısı xalqdır. Yaşadığı ölkədən, mənsub olduğu millətdən asılı olmayaraq müxtəlif xalqların tarixi inkişaf şərtləri arasında ümumilik mövcuddur. Xalqların həyat üçün zəruri olan tələbatları, arzu və istəkləri, sevinc və kədərləri, dünyaya, əməyə, təbiət və cəmiyyətə, övladlarının gələcəyinə baxışları, həyat fəlsəfələri də çox oxşar olmuşdur.
Məlumdur ki, xalqların psixologiyasının, məqsəd və maraqlarının, mənəvi-əxlaqi dəyərlərinin, maddi sərvətlərinin əks olunduğu milli mədəniyyətin tərkib hissələrindən biri də folklordur. Bu və ya digər xalqın mədəniyyəti isə bəşər cəmiyyətinin ümumi təsirindən kənarda, təcrid olunmuş şəkildə yaranmır. O, başqa xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edir. Milli mədəniyyətin tərkib hissəsi olan pedaqoji mədəniyyət də bu cürdür. Demək olar ki, bütün xalqların pedaqoji mədəniyyətinin ümumi əsasları, məqsəd və amalları eynidir.
Eyni sözlər Azərbaycan mədəniyyətinə də aiddir. Xalq mədəniyyətimiz nə qədər orijinal olsa da, ümumbəşər mədəniyyətinə layiqli töfhələr versə də, özü də dünya mədəniyyətinin təsiri altında formalaşmışdır. Bu, bir həqiqətdir ki, müxtəlif yaxın və uzaq xalqlarla mədəni əlaqələrimizin çox qədim tarixi vardır. Bu əlaqələr həmin xalqların həyatında, o cümlədən mədəni həyatında özünü göstərməyə bilməzdi.
Milli mədəniyyətdə, o cümlədən pedaqoji mədəniyyətdə bu qarşılıqlı təsirin izləri o vaxt qalır ki, özgə xalqların mədəniyyət ünsürləri yerli xalqın əksəriyyəti tərəfindən qəbul edilsin, xalqın mənəvi həyatında müəyyən müddət yaşayaraq «vətəndaşlıq» hüququ almış olsun. Bu hüququ qazanana qədər onlar yerli xalqların yaradıcılığında dəfələrlə işlənir, bir qədər yeniləşir, müəyyən dərəcədə fərqlənirlər.
Beləliklə, müxtəlif xalqların pedaqoji mədəniyyətində oxşar və ümumi cəhətlərin olması təbiidir.
Doğrudan da, ayrı-ayrı xalqlarının ümumi inkişaf tarixinə malik olması, mənəvi əxlaqi dəyərlərin ümumbəşəri olması, coğrafi şəraitin, təbii amillərin oxşarlığı, eyniliyi, bəşəri sivilizasiyada ümumilik yaratdığı kimi, pedaqoji mədəniyyətlərin də bir-birinə daim qarşılıqlı təsir etməsinə, oxşar ümumi xüsusiyyətlərinin formalaşmasına səbəb olmuşdur. Və bu ümumilik xalqların həyatın müxtəlif sahələrinə dair təsəvvürlərində öz əksini tapır. Məsələn, yalan və həqiqət haqda bütün xalqlarda atalar sözlərinə, deyimlərə rast gəlmək mümkündür:
- Doğruya zaval yoxdur (Azərbaycan)
- Haqq nazilər, üzülməz (Azərbaycan)
- Yalan söz üz qızardar (Azərbaycan)
- Yalançının evi yandı, heç kim inanmadı (Azərbaycan)
- Haqlı olmayan həmişə həqiqət haqda danışır (osetin)
- Həqiqəti deyirsənsə, həqiqi olanı da elə (rus)
- Kim deməyə utanmırsa, yerinə-yetirməyə də utanmır (adıgey-abxaz)
- Ancaq təlxəklər həqiqəti danırlar (yəhudi)
- Asanlıqla verilən vədi, asanlıqla da pozmaq olar (alman)
- Şirin yalandansa, acı həqiqət yaxşıdır (rus)
- Əgər həqiqətə kömək etmək istəyirsənsə, yalanla dostluq et (assuriya)
- Yalanla yaşamaqdansa, həqiqətlə ölmək yaxşıdır (özbək)
- Xeyirxahlığa xidmət edən yalan, düşmənçiliyə xidmət edən həqiqətdən yaxşıdır (tacik)
- Əgər əvvəllər yalan danışmısansa, sonralar da sənə inanmayacaqlar (karakalpak)
Yaxud da, müəyyən məqsədin həyata keçirilməsində həmrəyliyin əhəmiyyətini göstərən «Güc birlikdədir» deyimi, demək olar ki, bütün xalqlarda aforizm kimi işlədilir. Bütün xalqlarda əməkçi insanları birliyə, birgə fəaliyyətə çağıran atalar sözləri və məsəllər müxtəlif deyimlərlə ifadə olunmasına baxmayaraq, vahid bir məna daşıyır. Bu deyimlərin hamısında səyləri birləşdirməklə insanların çox şeyə nail ola biləcəkləri, əksinə başqalarından təcrid olunmuş fəaliyyətin məhvə məhkumluğu ifadə olunur. Məsələn, «Bütün dünyanın birgə tüpürməsindən dəniz alınar» (rus), «Əgər bütün dünya birdən tüpürsə, göl əmələ gələr» (tatar), «Kənd tüpürər – göl əmələ gələr» (mordva), «Bir adam tüpürər – quruyar, xalq tüpürər – göl alınar» (çuvaş), «Bütün xalq birgə nəfəs püləsə, külək yaranar» (rus), «Xalq birgə nəfəs alsa, fırtına olar, ayağını hamı birdən yerə vursa, zəlzələ olar» (çin), «El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar» (Azərbaycan). Afrikada yaşayan əksər xalqlar üçün ümumi olan belə bir deyim var: «Əgər hamı birdən çaya girsə, timsah heç kimə toxunmaz». Birliyin, həmrəyliyin gücü haqda deyimlər də var: «Əgər çubuqlar süpürgə kimi birləşibsə, – onları pəhləvan da qıra bilməz, dağılıb ayrı-ayrı olanda onları uşaq da bir-bir sındırar» (gürcü), «Toxunmuş ip-kəndirdir, toxunmamış – bir çəngə zibil» (çuvaş), «Qarışqa sürüsü şirə üstün gələr» (Azərbaycan), «Qarışqa balacadır, amma tikdiyi dağa bax» (koreya), «Qarışqa balacadır, amma böyük dağları yarır» (çuvaş), «Qarışqanın boyuna baxma, təpərinə bax» (türk), «İnsanların həmrəyliyi dağılmaz qaladır» (koreya), «Zəiflər birlikdə gücdür, güclü təklikdə – aciz» (çuvaş), «El gücü – sel gücü» (Azərbaycan).
Xalq aforizmlərində təkliyin məhvə məhkumluğu aydın ifadə olunmuşdur. Xalq təkliklə birliyi qarşılaşdıraraq, həmişə birliyin qalib gəldiyini göstərir. «Tək əldən səs çıxmaz» (Azərbaycan), «Min adam birdən ölmür» (malqaş), «Tək adam ölsə, heç kim qalmır, yüzdən biri ölsə, doxsan doqquzu qalar» (çuvaş), «Yetmiş yeddi adam birinə daha tez kömək edər, nəinki bir adam – yetmiş yeddisinə» (çuvaş), «Bir barmaqla iynəni də saxlaya bilməzsən» (ukrayna), «Bir arı az bal verər» (ukrayna), «Bir əllə düyünü açmaq olmaz» (çuvaş). Misallardan görünür ki, təkcə bu ya digər xalqın mənəvi birliyindən yox, bütün xalqların birliyə can atmasından söhbət gedir. Mənəvi ümumiliyi birgə fəaliyyətin zəruriliyi tələb edir: müxtəlif dövrlərdə həm düyün vurulmalı, həm də bu düyünlər çözülməlidir – xalqlar bir insanın iki əli kimi, bir əlin beş barmağı kimi birgə fəaliyyət göstərməlidirlər.
Pedaqoji mədəniyyətlərin ümumiliyi probleminin öyrənilməsi nəticəsində aydın olur ki, bir çox hallarda məhz bu ümumilik, müxtəlif xalqların mədəniyyətinin təkrarolunmaz özünəməxsusluğa malik olduğu barədə dərin inam yaradır. Buna görə də mədəniyyətlərin qarşılıqlı əlaqəsi zəruridir, daha xeyirlidir, çünki hətta ən möhtəşəm mədəniyyətlər belə başqaları ilə müəyyən dərəcədə qarışmadan mükəmməl ola bilməz.
Etnopedaqogika sübut edir ki, bütün xalqların, hətta məhv olmuş, tarixin səhifələrindən silinmiş xalqların orijinal mədəniyyəti dünya sivilizasiyasını zənginləşdirmək iqtidarındadır. Məsələn, uzun əsrlərdir müasir elm və texnikanın ən yeni nailiyyətləri ilə təmin edilmiş Amerikada sizilizasiya təkcə gəlmə avropalıların deyil, həm də yerli hinduların pedaqoji mədəniyyətinin əks olunduğu bəşəri nailiyyətdir. Yeri gəlmişkən, yerli dillərdə türk dillərinin açıq aşkar görünməsi ümumtürk etnik mədəniyyətinin Amerika xalqlarının etnik mədəniyyəti ilə tarixi çulğaşması haqda ideyanın təsdiqi üçün sübutdur.
Yaxud, dağ yəhudilərindən başlamış talışlara qədər azsaylı xalqların etnopedaqoji xülasəsi Azərbaycan ölkəsinin qüdrət mənbəyi olan adət-ənənə birliyini əyani şəkildə aşkarlamırmı? Tarix boyu birgə yaşayan bu xalqlar həm də bir-birlərini etnopedaqoji nailiyyətlərlə zənginləşdirmiş olurlar. Onların hər biri ayrı-ayrılıqda qədim və uludur. Ümumi məqsədlər ətrafında birləşmiş xalqlar mədəniyyətin və əxlaqın daha yüksək zirvəsinə qalxmış olurlar. Azərbaycanda yaşayan bütün qeyri-türk etnik qrupların inkişafı azəri türklərinin yaxından, möhkəm dəstəyindən asılıdırsa, Azəri türklərinin qüdrətlənməsində də bu xalqların rolu az deyildir.
Beləliklə, aydın olur ki, müasir dövrdə müxtəlif xalqların pedaqoji mədəniyyətləri arasında ümumi olan xüsusiyyətlər insanların birgə yaşayışından doğan zərurətdir. Bu mənada mədəniyyətlərin, o cümlədən pedaqoji mədəniyyətlərin inteqrasiyası qaçılmazdır və bu inteqrasiya milli mədəniyyətlərin müasir inkişaf xüsusiyyətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Lakin bu, o deməkmidir ki, milli mədəniyyətlər tamam qovuşub vahidləşəcək, ayrı-ayrı mədəniyyətlər «əriyib gedəcək?». Qətiyyən! Hər bir xalqın söykəndiyi daha möhkəm dayaqlar mövcuddur.
Pedaqoji mədəniyyətlər inkişaf səviyyəsi baxımından fərqlidir. Bu fərqlər müxtəlif amillərin təsiri altında yaranır. Hər bir xalqın pedaqoji mədəniyyəti böyüyən nəslin təlim-tərbiyəsi sahəsində ilkin, elementar pedaqoji bilik və vərdişlərdən başlamış bu günkü səviyyəyə qədərki bütün inkişaf yolunu özündə birləşdirir. Buraya insanı əhatə edən hər şey barəsində yaradılmış müxtəlif mifik təfəkkürü, inamları, inancı özündə birləşdirən təsəvvürlər də aiddir, müasir elmin nəticələrini ümumiləşdirərək təqdim edə bilən elmi pedaqoji təfəkkür də. Həm də indinin özündə də geniş xalq kütlələri içərisndə tarix boyu formalaşmış, ilkin pedaqoji təsəvvürlər müasir elmi pedaqogikanın nailiyyətlərinə nisbətən daha geniş yayılmışdır.
Müasir pedaqoji ədəbiyyatda «insanın etnomədəniyyəti» və «etnik pedaqoji mədəniyyət» anlayışlarına da tez-tez rast gəlmək olur.
Dostları ilə paylaş: |