BƏS HARDASAN, YAR?
Ürəkdə sözüm,
Ağlayır gözüm,
Heç gülmür üzüm,
Könüldə qəm var,
Bəs hardasan, yar?
Sabahım açmır,
Xəyalım uçmur,
Gözümdən qaçmır,
Dünya mənə dar,
Bəs hardasan, yar?
Küləklər əsdi,
Səbrimi kəsdi,
Həsrətin qəsdi-
Etdi könlü zar,
Bəs hardasan, yar?
Əzabım bitmir,
Harayım yetmir,
Hicranım ötmür,
Oldu adım car,
Bəs hardasan, yar?
Ürəyim qəmdə,
Ahım var dəmdə,
Mən bu aləmdə,
Olmuşam səyyar,
Bəs hardasan, yar?
Qəlb qəmə enməz,
Bu yoldan dönməz,
Atəşim sönməz,
Etmə eşqi xar,
Bəs hardasan, yar?
Şadiman sərxoş,
Həsrət ona xoş,
Sanma könlü boş,
Can canı duyar…
Bəs hardasan, yar.
30. X11. 2004
GƏL KÖNÜLLƏ PEYMAN ELƏ
Gəl könüllə peyman elə,
Peymanını can istəyir.
Duyğulara iman elə,
İmanını an istəyir.
Bu ayrılıq necə sitəm?
Salır qəlbə ayla matəm,
Dadsan verir bir acı təm,
Hər gün savaş, qan istəyir.
Əlin məndən üzən zalım,
Ayrı sevda gəzən zalım,
Hicran gəlir bəzən, zalım,
Eşqin əcəb şan istəyir.
Necə tapım dərdə çarə,
Şadimanın könlü yarə,
Gətiribən onu zarə,
Ürəyi şan-şan istəyir.
28. 02. 2004
EY SULTANIM, BİR DÖN MƏNƏ
Ey sultanım, bir dön mənə,
Bu eşq ilə peyman edək.
Cani-dildən deyim sənə,
Əhdi qılıb iman edək.
Ayrılıq çox əziyyətdi,
Onunla gün nə zillətdi?
Ürəyimdə dərd illətdi,
Gəl bir ona dərman edək.
Həyan yoxdu cəlalıma,
Ürək sökən əhvalıma,
Can üşüdən bu halıma,
Gəl bir yerdə aman edək.
Ey sultanım, bu nə suçdu?
Viran könlüm qəmdən uçdu,
Demə, dildə sevgi puçdu,
Qəlbimizə fərman edək.
13. 03. 2005
ÜRƏYİMİ AL APAR
Gəl ey könül diləyi,
Çox incitmə ürəyi,
Sənsən eşqin mələyi,
Canımda tufan qopar,
Ürəyimi al apar.
Duyğumun sədasısan,
Könlümün nidasısan,
Bəxtimin qidasısan,
Bu ruhum səni tapar,
Ürəyimi al apar.
Dilimdə söz ovulur,
Sinəmdə köz ovulur,
Yolunda göz ovulur,
Can sənə tərəf çapar,
Ürəyimi al apar.
Düşmüşəm yaman oda,
Başımdan ötmür qada,
Qəm məni verib bada-
Həsrətə saray yapar,
Ürəyimi al apar.
17. 04. 2005
YAR GƏLSİN
Nə gecəm, gündüzüm,
Gülməyir heç üzüm,
Baxır yola gözüm,
Gün olub dar gəlsin,
Gəlirsə, yar gəlsin.
Sevdalı günlərim,
Sədalı ünlərim,
Hələ düyünlərim,
Vəfası var gəlsin,
Gəlirsə, yar gəlsin.
Gecəmi ah elə,
Ahı günah elə,
Günü sabah elə,
Harayım car gəlsin,
Gəlirsə, yar gəlsin.
Qəmi hicri mənə,
Dərdi mücrü mənə,
Budu əcri mənə,
Ürəyim zar gəlsin,
Gəlirsə, yar gəlsin.
24.10. 2005
Mənə sarı baxan yar,
Ürəyimi yaxan yar,
Bir kəlmə söz deməmiş,
Şimşək təki çaxan yar.
Qəmimi edam elə,
Könlünü sevdam elə,
Baxışı almaq üçün
Dilini badam elə.
Zaman axır sel təki,
An ötüşür yel təki,
Qırılır saatlarım-
Saçımdakı tel təki.
Üzü bəri gələn yar,
Hər ağrımı bilən yar,
Məni burda tək qoyub
Özgələrlə gülən yar.
Gəl hicrə vida deyək,
Sevgiyə qida deyək,
Ya gülən, ya ağlayan,
Bu eşqə sevda deyək.
25. X. 2005
CANLAR ALAN VƏFADARIM
Canlar alan vəfadarım,
Bir can aldın bəs deyilmi?
Ürəyimdən qopub düşən
Fəqan vurmuş səs deyilmi?
Ayrılığa yol eylədin,
Hicranları bol eylədin,
Dərdə imza-qol eylədin,
Bu könlümə qəsd deyilmi?
Sevdalandım eşqin ilə,
Həsrətinlə düşdüm dilə,
Möhlətin ki, çəkdi ilə,
Qəlbdə başqa kəs deyilmi?
Yar gözünü yolda qoymaq,
Sinəsini qəmlə oymaq,
Əhd eyləyib əhddən doymaq,
Sevdiyinə nəs deyilmi?
Mən ki, səni canım bildim,
Həyatda xoş anım bildim,
Qəlb təki ünvanım bildim,
Bu sevdaya əs deyilmi?
26. 01. 2006
Mən sənin bu eşqini,
Ürəyimdə bəslədim.
Həm gündüz, həm də gecə,
Elə səni səslədim.
Duyğularım ah dedi,
Sənsiz eşq günah dedi,
Həsrət yar isə mənə,
Açılma sabah dedi.
Bu vəfalı sinəmi
Yüklədim kədər ilə.
Gözdə könlümün qəmi,
Barışdım qədər ilə.
Mən sevdanın üzündən,
Küsdüm öz taleyimdən.
Düşdüm qəlbin gözündən,
Bu qədər gileyimdən.
Gəl bunu bir an barı,
Gedir əldən can barı,
Ömründə bircə dəfə-
Mənim təki yan barı.
26. 01. 2006
ÖZÜNÜ MƏNƏ YETİR
Ürəyim ah içində,
Ahı sabah içində
Dilimdə adın gəzir,
Adın günah içində.
Məhəbbət belə olmaz,
Yoxdursa qəlbə dolmaz,
Xəzan düşməsə bağa
Ordan bir çiçək solmaz.
Dolan gəl bizim elə,
Ayrılıq olmaz belə,
Gözümü gurşad tutdu,
Dolandı döndü selə.
Sevdamız paralanddı,
Sinəmiz yaralandı,
Hicran küləyi əsdi,
İki qəlb aralandı.
Eyvana çıxıb baxdım,
Eli yandırıb-yaxdım,
Gülmədi heç üzümə
Mənim bu qara baxdım.
Ürəkdə hicran bitir,
Gülləri saçır ətir,
Gözüm səni axtarır,
Özünü mənə yetir.
26. 01. 2006
AYRILIQ SALDI YAMAN
Ürəyimdə ah-aman,
Bürüyüb için duman,
Həsrətin üzü dönsün-
Ayrılıq saldı yaman.
Yar ikən əğyar oldun,
Xatirənlə var oldun,
Gözlərim baxa-baxa-
Bəs kimə sən yar oldun?
Alışdım yandım belə,
Alovum düşdü elə,
Sevdanı çəkən bilir-
Çəkməyən bilməz belə.
Dilimdə sözüm yandı,
Ürəkldə közüm yandı,
Gözlərin baxdı gendən-
Alışdı gözüm yandı.
Məhəbbət candan gələr,
Ürəkdən, qandan gələr,
Qədrini bilməyəndə-
Fəryadı andan gələr.
Ürəyimdə ah-aman,
Bürüyüb için duman,
Həsrətin üzü dönsün-
Ayrılıq saldı yaman.
26. 01. 2006
Dostları ilə paylaş: |