7.6. Firmanın istehsal fondları və amortizasiya
Hər bir müəssisə istehsal vasitələri və iş qüvvəsi ilə özünü təmin etdikdən sonra bilavasitə istehsala başlayır. Əmtəə-pul münasibətlərinin hakim olduğu bir şəraitdə istehsal üçün lazım olan əmək vasitələri, əmək cisimləri və iş qüvvəsi əmtəə kimi çıxış edir. Buna görə də müəssisə əlində olan pulla istehsal vasitələri və iş qüvvəsi alır, istehsal edir. Bundan sonra, o əldə etdiyi məhsulu əmtəə kimi realizə edir. Əmtəələr satıldıqdan sonra əvvəl xərclənmiş pul yenidən müəssisəyə qayıdır. Əldə olan pul istehlak olunmuş istehsal vasitələrinin ödənilməsinə və əmək haqqına sərf olunur.
Fondlar üçün fasiləsiz hərəkətdə olmaq, öz konkret formasını pul, məhsuldar, əmtəə şəklində dəyişərək, müxtəlif ardıcıl mərhələlərdən keçmək, təbii və zəruri bir prosesdir. Bu proses daimi təkrar olunur və müəssisə fondlarının dövranı adlanır. Fondların dövranı belə bir ardıcıllıqla baş verir. Fondlar tədavül, istehsal, həm də əmtəə (alqı-satqı) dairəsində hərəkətini davam etdirərkən 3 mərhələdən keçir:
Burada, P – pul vəsaiti; Ə - əmtəə, İV – istehsal vasitələri; İQ – iş qüvvəsi; İP – istehsal prosesi; Ə′ - satış üçün hazır məhsul; P′ - məhsul satışından əldə olunmuş pul.
Fondların ardıcıl mərhələlərlə, pul formasından məhsuldar formaya və əmtəəyə çevrilərək satışa çıxarılması, nəhayət yenidən pul formasını alması, vahid bir proses kimi belə baş verir:
İP
Fondların dövranı daimi təkrar olunan bir prosesdir. Bu prosesdə dövranlar bir-birini əvəz edir və fondların dövriyyəsini təşkil edir. Fondların dövriyyəsi müəyyən vaxt ərzində baş verir. Bu, dövriyyə vaxtıdır. Dövriyyə vaxtı istehsal vaxtı ilə tədavül vaxtının cəmindən ibarətdir. Dövriyyə vaxtının ən mühüm tərkib ünsürü istehsal vaxtıdır.
İstehsal vaxtı – kapitalın bilavasitə istehsal dairəsində olduğu müddətdir. İstehsal vaxtının mühüm hissəsini iş dövrü təşkil edir və istehsal, yaxud emal edilən məhsul bu zaman əməyin birbaşa təsiri altında olur. İş dövrü istehsal – xidmət dairəsinin ümumi xarakterindən, sahənin özünəməxsus xüsusiyyətlərindən, texniki-texnoloji vasitələrin səviyyəsindən, işçilərin peşəkarlığından, istehsalın təşkili mədəniyyətindən asılıdır. Məsələn, pambıq və yundan iplik hazırlamağa, yaxud çörək və xörək bişirməyə nisbətən az bir vaxt sərf olunduğu halda, sərnişin gəmisinin yaxud kosmik raketin istehsalına daha uzun vaxt tələb edilir. Eyni zamanda istehsal vaxtı adətən iş dövründən uzun olur. Lakin istehsalın maddi-texniki bazası təkmilləşdikcə, əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə lazım olan vaxt (iş dövrü) tədricən qısalmağa doğru meyil edir.
Dostları ilə paylaş: |