123. Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
124. Bir zaman o öz tayfasına belə demişdi: “Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?
125. Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?
126. Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?”
127. Lakin onlar onu təkzib etdilər, buna görə də (Qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.
128. Yalnız Allahın müxlis bəndələrindən başqa!
129. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
130. (Onu belə yad edirlər:) “İlyasinə (İlyasa) salam olsun!”
131. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
132. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! (əs-Saffat: 123-132).
Nəsəb alimləri deyirlər ki, o İlyas ət-Təşəbidir. O, Dəməşqin qərbində yerləşən Bə`ləbəkkə adlı yerə göndərilmişdi. Onları Allah yoluna dəvət etmiş, "Bələ" adlandırdıqları bütə ibadətdən əl çəkmələrini tələb etmiş və demişdir: «“Məgər Allahdan qorxmursunuz? 125. Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? 126. Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?”» Onlar onu təkzib etdilər, ona müxalif olub qətlə yetirmək istədilər.
Deyilənə görə İlyas və Xıdır hər il Ramazan ayında Beytülmüqəddəsdə görüşür, hər il həcc edir, zəm-zəm suyundan içir və bu, gələn ilə qədər onlara bəs edir. Həmçinin hər il Ərəfatda qarşılaşırlar. Amma bu deyilənlərin heç biri haqqında səhih, mötəbər rəvayət yoxdur. Sübutlar göstərir ki, Xıdır da, İlyas da vəfat ediblər.
Vahb ibn Munəbbih və bəzi elm adamları deyirlər: "Qövmü onu təkzib edib, əziyyət verəndə o, Allaha dua edib ölüm arzuladıqda onun yanına od rəngli bir dəvə gəldi. O, dəvəyə mindi və Uca Allah ona qanad verib nurdan libas geyindirdi. Yemək və içmək bacarığını ləğv etdi. Beləliklə o, səmada və yerdə padşahlığa tabe olan bəşər övladı oldu. O vəsiyyətini də əl-Yəsə ibn Əxtuba tapşırdı".
Bu rəvayət müəmmalıdır. Bu, təkzib və təsdiq edilməyən israiliyyatdandır. Deyərdim ki, bu məlumatın doğru olması inandırıcı deyil. Daha doğrusunu Allah bilir.
Hafiz Əbu Bəkr əl-Beyhəqi Ənəs ibn Malikdən rəvayət edir: "Biz Peyğəmbərlə birlikdə səfərdəydik. Bir yerdə düşərgə saldıq. Birdən vadidə bir nəfərin: "Ey Allahım! Məni mərhum və məğfur Muhəmməd ümmətindən et!" – deyə dua etdiyini eşitdik. Mən vadiyə tərəf gedib baxdıqda orada boyu üç yüz dirsəkdən çox olan bir adam gördüm. O dedi: "Sən kimsən?" Mən: "Peyğəmbərin xidmətçisi Ənəs ibn Malikəm". O: "Peyğəmbər haradadır?" Mən: "Odur, sənin danışdıqlarını eşidir". O: "Onun yanına get və məndən ona salam söylə və de ki, qardaşın İlyas sənə salam söyləyir". Mən Peyğəmbərin yanına gəlib xəbər verdim. O da onun yanına gəlib qucaqlaşdı və salam verdi. Onlar oturub söhbət edirdilər. O dedi: "Ey Allahın elçisi! Mən ildə bir gün yemək yeyirəm. Bu gün mənim yemək yediyim gündür. Gəl hər ikimiz birlikdə yeyək". Onlar üçün səmadan bir süfrə nazil oldu. Onun üzərində çörək, balıq və kərəviz var idi. Onlar özləri yeyir və mənə də verirdilər. Birlikdə əsr namazını da qıldılar. Sonra onlar vidalaşdılar. Mən onun səmaya yüksəlib buludların arasında yox olduğunu gördüm"412. Beyhəqi özü bu hədisin hökmünü vermiş və demişdir: "Bu hədis olduqca zəif hədisdir".
Çox qəribədir ki, Əbu Abdullah əl-Hakim ən-Neysaburi : bu uydurma hədisi "əl-Mustədrək alə-s-Sahiheyn" (İki səhih kitabın təkmilləşdirilməsi) adlı kitabında rəvayət etmişdir. Halbuki bu hədis həm uydurmadır, həm də bir neçə baxımdan səhih hədislərə müxalifdir. Onun mənası da doğru deyildir. İki səhih kitabda deyilir: "Allah Adəmi yaratdıqda boyu altmış dirsək idi. . . . Bu günə qədər insanların boyu qısalmaqda davam edir"413.
Yuxarıdakı uydurma hədisdə deyilir ki, o Peyğəmbərin yanına deyil, Peyğəmbər onun yanına getdi. Bu isə əsla həqiqətə uyğun deyil. Çünki onun peyğəmbərlərin sonuncusunun ayağına gəlməsi daha münasib olardı. Həmçinin deyilir ki, o, ildə bir dəfə yemək yeyir. Amma biz əvvəldə Vahb ibn Munəbbihdən qeyd etmişdik ki, Allah onun yemək və içmək qabiliyyətini ləğv etmişdi. Bəziləri isə deyirlər ki, o, ildə bir dəfə zəm-zəm suyu içir və bu ona bir illik kifayət edir. Bütün bu kimi məlumatlar bir-birinə zid, uydurma və boş şeylərdir. Bu haqda heç bir doğru məlumat yoxdur.
İbn Əsakir414 eyni hədisi başqa sənədlə qeyd etmiş və özü də onun zəif olduğunu etiraf etmişdir. Onun bu rəvayəti danışması çox qəribədir?!
Vasilə ibn əl-Əsqadan rəvayət edir və yuxarıdakı kimi uzun bir hədis danışır. Orada deyilir ki, bu hadisə Təbuk döyüşünə gedən zaman baş vermişdi. Peyğəmbər Ənəs ibn Maliki və Huzeyfə ibn əl-Yəmanı ن onun yanına göndərdi. Onlar deyirlər ki, o bizdən iki yaxud üç dirsək uzun idi. O, müsəlmanların qoşununa qatılmadığı üçün üzürxahlıq etdi. Dəvələr hürkər deyə qoşuna qatılmırdı. Həmçinin deyilir ki, o Peyğəmbərlə görüşdü və Cənnət təamlarından birlikdə yedilər. O dedi ki, mən hər qırx gündən bir yemək yeyirəm. Süfrələrinin üzərində çörək, üzüm, banan, təzə xurma, kəvərdən başqa bütün növ tərəvəzlər var idi. Həmçinin deyilir ki, Peyğəmbər Xıdır haqqında ondan soruşduqda, o deyir: "Mən onunla ilin əvvəlində görüşəcəyəm". O dedi: "Sən onunla qarşılaşanda məndən ona salam deyərsən".
Bu göstərir ki, Xıdır və İlyas hicrətin doqquzuncu ilinə qədər Peyğəmbəri görməmişdilər. (Onların sağ olmalarını və bu hədisin də səhih olduğunu fərz etsək, onda) şəriət baxımından onların bu hərəkəti, belə gec görüşmələri də düzgün olmazdı. Bu rəvayət də uydurmadır.
İbn Əsakir İlyas ilə görüşən abidlər haqqında rəvayətlər yazmışdır. Amma bu rəvayətlərin heç biri, ya sənədinin zəifliyi, ya da mənbə naməlumluğu ilə ürək açan deyil.
Uca Allahın bu ayəsinə gəlincə: «127. Lakin onlar onu təkzib etdilər, buna görə də» dünyada və axirətdə, yaxud təkcə axirətdə əzab verilmək üçün «gətiriləcəklər.» Təfsirçilərin və tarixçilərin dediyinə görə onların dünya və axirətdə əzab görmələri daha münasibdir.
Dostları ilə paylaş: |